Əlbəttə, burada əvvəlki dövrlə oxşarlıqlar var: birinci prezidentlik dönəmində də Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi. O zaman Tramp Yaxın Şərqdə “ərəb NATO-su” ideyasını irəli sürürdü, amma bu ideya açıq şəkildə heç vaxt real mərhələyə keçmədi.
Yeni prezidentlik dövründə Tramp bu dəfə regional ittifaq yaratmaq təşəbbüsü ilə real addımlar ata bilərmi? Bu, əsasən, İranla yeni danışıqlarının gedişindən asılı olacaq. Bu danışıqlar üçtərəfli formada keçirilir: İran və ABŞ aktiv, Rusiya isə passiv iştirakçıdır. Ötən gün isə Oman sultanı Moskvaya səfər etmiş və Putinlə görüşdə ABŞ-İran prosesi də müzakirə olunmuşdu.
Bu prosesdə Oman “texniki vasitəçi” kimi çıxış edir. Putinlə görüşdə Rusiya-Ərəb dünyası sammitinin keçirilməsi ideyası da gündəmə gətirilib. Görünür ki, Rusiya-ABŞ dialoqu Yaxın Şərqə doğru “sıx yaxınlaşıb” və burada artıq mümkün regional təhlükəsizlik sxemləri, məsuliyyət zonaları konturlarını almaqdadır. Qeyd olunmalıdır ki, bir neçə gün əvvəl İranı Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü – müdafiə naziri və varis şahzadə Xalid bin Salman ziyarət edib.
Bu, son onillikdə Səudiyyə kral ailəsindən İrana edilən ilk səfər idi. Ən maraqlısı isə odur ki, bu, müdafiə nazirinin səfəri olub və o, kralın mesajını İranın ali dini liderinə çatdırıb. Bu inkişaflar isə başqa bir maraqlı intriqanı da gündəmə gətirə bilər: əgər Putin və Tramp mümkün razılaşma çərçivəsində Yaxın Şərqi “yenidən bölüşmək” istəsələr, Çin buna necə baxacaq?
2023-cü ildə Səudiyyə Ərəbistanında Çin ilə ərəb ölkələrinin sammiti keçirilmişdi. Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin normallaşması da məhz Çinin vasitəçiliyi ilə baş tutmuşdu. İndi isə, Trampın administrasiyası hakimiyyətdə olduğu bir vaxtda Ər-Riyad və ərəb ölkələri müəyyən mənada Pekindən uzaqlaşaraq, Tramp-Putin razılaşmasında daha subyektiv rol almağa çalışa bilərlərmi?
Bu baxımdan, İsrail mediasında maraqlı, amma rəsmi təsdiqi olmayan bir məlumat yayıldı: Azərbaycanın Prezidentinin Çinə dövlət səfəri fonunda qeyd olunurdu ki, İsrailin Baş naziri Netanyahu Bakıya səfər edə bilər. Bildirilir ki, Netanyahu Trampın Yaxın Şərq siyasətindən tam razı deyil. O səbəbdən də istisna olunmur ki, Netanyahu Çinin mümkün narazılığından istifadə edərək, Bakı vasitəsilə alternativ oyun qurmağa çalışacaq.
Asif Cəfərov
Ordu.az